Ukrayna Ali Radasının keçmiş deputatı Krımda güllələnib
Krımda Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Sarevə sui-qəsd edilib.
AFN.az xarici mediaya istinadla xəbər verir ki, hücum Sarevin Yaltadakı evinin yaxınlığında baş verib - o, güllələnib.
Mash Telegram kanalının məlumatına görə, Oleq Sarevin həyatına sui-qəsdin oktyabrın 27-nə keçən gecə onun yaşadığı Yalta sanatoriyasında törədildiyi bildirilir. Məhz bu zaman yerli sakinlər siyasətçinin Yaltadakı evinin yaxınlığında çoxlu sayda təcili yardım maşınlarının yığıldığını görüblər. Əvvəlcə Sarevin bıçaqlandığı bildirilsə də, sonradan məlum olub ki, o güllə yarası alıb.
Ağır yaralanan keçmiş deputat xəstəxanaya yerləşdirilib. “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqovun verdiyi məlumata görə, sui-qəsddən sonra Oleq Sarevin vəziyyəti çox ağır qiymətləndirilir, o hazırda reanimasiyadadır.
Bilgili mənbələr qeyd edirlər ki, təcili yardım həkimləri hadisə yerinə gələndə iki güllə yarası alan siyasətçi huşunu itirib və ağır qan itkisinə məruz qalıb.
Hələlik keçmiş deputatın həyatına kimlərin sui-qəsd təşkil etməsi barədə rəsmi məlumat yoxdur.