Sabah bəzi yerlərdə leysan olacaq, külək əsəcək
Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a bildirilib ki, havanın temperaturu gecə 11-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.