ABŞ: "Rusiya təyyarəsinin qəzaya uğraması ilə bağlı faktları üzə çıxarmaq üçün Ukrayna ilə işləyirik"
ABŞ Dövlət Departamenti Rusiyanın Belqorod vilayətində raketlə vurulan və 74 nəfərin, o cümlədən 65 ukraynalı məhbusun olduğu Rusiya təyyarəsinin qəzaya uğraması ilə bağlı faktları üzə çıxarmaq üçün Ukrayna ilə birlikdə çalışdıqlarını bildirib.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin qəza ilə bağlı beynəlxalq təhqiqat aparılması çağırışına toxunan Patel, “Biz faktları üzə çıxarmaq üçün Ukraynadakı həmkarlarımızla yaxından işləməyə davam edirik” deyə qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə Baş Katibinin müavini Rozmari DiKarlo verdiyi açıqlamada, BMT-nin Rusiya təyyarəsinin vurulması ilə bağlı Ukrayna və Rusiyadan gələn xəbərləri təsdiqləmək iqtidarında olmadığını bildirib.
“Bildiyimiz qədər həm Rusiya, həm də Ukrayna insidentlə bağlı ayrı-ayrılıqda araşdırmalar aparır”, - deyə DiKarlo bildirib