Yaponiya zəlzələ zonasının yenidən qurulması üçün əlavə 100 milyard yen ayıracaq
Yaponiya hökuməti yanvarın əvvəlində baş vermiş zəlzələlərin vurduğu ziyandan sonra bərpa işləri üçün əlavə 100 milyard yen ayıracaq.
Hökumət yanvarın əvvəlində bir neçə zəlzələnin baş verdiyi Noto yarımadasında zərərin qiymətləndirilməsi və yenidənqurma işlərini davam etdirir.
Yaponiyanın baş naziri Kişida Fumio zəlzələnin episentri olan qərbdəki İşikava əyalətinə ikinci rəsmi səfəri zamanı bölgədəki evakuasiya mərkəzlərini gəzib.
Zəlzələ qurbanları ilə bir araya gələn Kişida, "Yaşayacaq yer həyat və dolanışıq üçün vacib şərtdir. Maddi narahatlıqlar bizi ruhdan salmamalıdır" deyərək, dərhal yaraları sağaltmaq istədiklərini bildirib.
Bu çərçivədə Kişida ümumilikdə Noto yarımadasının yenidən qurulması fəaliyyətləri üçün əlavə 100 milyard yen ayıracaqlarını açıqlayıb.
Prefabrik evlərin tikintisini sürətləndirəcəklərini qeyd edən Kişida Vacima şəhərində baş verən yanğında böyük ziyan dəymiş tarixi bazar yerini yenidən tikəcəklərini bildirib.
Zəlzələ zonasında əlavə ayırma 2024-cü il martın 31-də başa çatacaq 2023-cü maliyyə ili büdcəsinin fövqəladə ehtiyat fondlarından maliyyələşdiriləcək.
Uşaqlı ailələr də daxil olmaqla hər evə 6 milyon yen qədər yaşayış müavinəti ödəniləcək.
Beləliklə hökumətin zəlzələdən sonra bərpa işləri üçün bu günə qədər ayırdığı ümumi vəsait 260 milyard yenə qədər artacaq.