Zurabişvili Sakaşvilinin mümkün əfvi ilə bağlı sualı cavablandırıb
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərar dövlət başçısının mənəvi məsuliyyətidir, buna heç kim təsir edə bilməz.
“Mən bu məsələyə münasibət bildirmirəm. Bu, özüm verəcəyim və buna görə özümə cavabdeh olacağım mənəvi bir qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”, - deyə o, Londonda keçirilən tədbirdə qeyd edib. Onun sözlərini Gürcüstanın “Publika” nəşri sitat gətirib.
Gürcüstan prezidenti vurğulayıb ki, ölkədə payızda keçirilməsi planlaşdırılan parlament seçkilərinin keçirilməsi Saakaşvilinin harada olacağından asılı deyil. Zurabişvili bildirib ki, eks-prezident əsl səbəblərə görə həbs edilib.
“Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Nə etmək olar deyə soruşduqda mən razıyam ki, reputasiya baxımından onun başqa yerdə yerləşməsi daha yaxşı olardı. Bu, hökumətin verməli olduğu bir qərardır. Başqa ölkələrin istifadə etdiyi çoxlu imkanlar var - ev dustaqlığı, ekstradisiya”, - deyə dövlət başçısı bildirib.
Lakin o, onun ekstradisiyasının mümkünlüyünü istisna etməyib.
“Ukrayna ekstradisiyaya hazır olduğunu bildirib, amma bunun nə dərəcədə rəsmi olduğunu bilmirəm. Deməli, imkanlar var”, - deyə Gürcüstan lideri yekunlaşdırıb.