Bulut Bağcıya qarşı milyon dollarlıq dələduzluq ittihamı — Səfirin qohumu...

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının qardaşı oğlu Bulut Bağcının qurduğu geniş şəbəkə vasitəsilə çox sayda insana külli miqdarda zərər vurduğu bildirilir.
Bu barədə Türkiyə mediasında yayımlanan məlumata əsasən, “World Tourism Forum”un keçmiş rəhbəri olan 38 yaşlı Bulut Bağcı “Tourism X” (TRMX) adlı kriptovalyuta biznesinə baş vuraraq yüzlərlə şəxsə qarşı dəyəri milyon dollarlarla ölçülən dələduzluğa yol verib. Qeyd olunur ki, zərərçəkənlər Bağcıya qarşı bu ittihamla artıq prokurorluğa müraciət ediblər.
Bulut Bağcının ulduzu 2016-cı ildə İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında keçirilən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və bir çox dövlət rəsmilərinin qatıldığı Dünya Turizm Forumunda (World Tourism Forum) parlayıb. Bu sektorda müəyyən fəaliyyət göstərdikdən sonra Bağcı “iş yönü”nü dəyişdirərək kriptovalyuta sahəsinə keçib.
O, “Tourism X” adlı layihəsinin başlanğıcında topladığı pullarla beynəlxalq turizm layihələrinə sərmayə qoyulacağını və müştərilərin otel və təyyarə kimi səyahət elementlərini məhz həmin kriptovalyuta vasitəsilə qarşılamasını vəd edib. Bu vədlərlə çox sayda insanı layihəyə cəlb edə bilib.
Başladığı iş çərçivəsində Çadın Mədəniyyət, Tarixi İrs, Turizm və Əl Sənətləri Nazirliyi ilə ölkənin paytaxtı Ncamenada otel tikintisi üçün 8,2 milyon dollarlıq müqavilə imzalasa da, öz öhdəliyini yerinə yetirməyib.
Maraqlıdır ki, Bağcı öz fəaliyyətinin ciddiliyini göstərmək məqsədilə hər yerdə Ərdoğanın adından geniş istifadə edib, onunla çəkdirdiyi şəkilləri paylaşaraq öz haqqında müsbət rəy yaratmağa çalışıb.
Lakin sonunda Bağcının toruna düşmüş 13 nəfər prokurorluğa müraciət edərək onun tərəfindən təqribən 15 milyon dollar dəyərində dələduzluğa məruz qaldıqlarını bildiriblər.
Qeyd edək ki, əslən Çorumdan olan Bulut Bağcı Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcının qardaşı oğludur.
Mənbə: AzFakt.Com