Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT


Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib.


Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idarə etdiyi "Vaz 21214" markalı avtomobilində saxladığı atasına məxsus ov tüfəngindən üç dəfə atəş açıb. Bu zaman Elçin güllə yarası alıb.

Hadisəni törədən Hüseynin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Qaçaqkənd kəndində yaşayır. Onun sözlərinə görə, Neftçala Suvarma Sistemləri İdarəsində sahə rəisi vəzifəsində işləyir: “Zərərçəkmiş Elçin mənim həmkəndlimdir. Aramızda ədavət və ya qərəzli münasibətlərimiz yoxdur. Həmişə normal münasibətlərimiz olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 31 avqust 2023-cü ildə, axşam saatlarında Sadiq adlı şəxsin mağazasından çıxanda Elçin də avtomobillə gəlib və onun yanında saxlayıb: “Elçin bu vaxt mənə əkin sahəsinə suyun nə səbəbə gəlmədiyini dedi. Daha sonra isə təxminən 15 nəfər kənd sakinin yanında məni söydü. Elçinin sərxoş olduğunu gördüm və fikir vermədi. Daha sonra evə getdim. Səhəri günü Elçinin oğlu Nailə mobil telefonla zəng edərək atasının ötən gün məni niyə söydüyünü demək istədim. Nail telefona cavab vermədi. Daha sonra həmin günü saat təxminən 07 radələrində evdən çıxıb "Vaz 21214" markalı avtomobilimlə mağazadan çörək almağa getdim. Həmin vaxt avtomobildə ötənki gündən qoyduğum atasına məxsus ov tüfəngi də olub. Arabir dovşan ovlamağa getdiyim üçün tüfəngi avtomobildə gəzdirmişəm. Bu vaxt Elçinin həyət qapsının qarşısında, avtomobil yolunda dayanaraq onun çağırdım. Elçin küçəyə çıxdı. Elçindən ötənki gün məni niyə söydüyünü xəbər aldım. Bu vaxt Elçin üzərimə gəlməyə başladı. Elçini qorxutmaq üçün tüfəngi avtomobilin pəncərəsindən çıxarıb onun başının üzərindən havaya 3 dəfə ardıcıl olaraq atəş açdım. Bundan sonra Elçin əlini üzünə tutub həyətinə girdi. Mən də oradan getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra evdə olanda onu həyət qapısından kiminsə çağırdığını eşidib: “Mən küçəyə çıxdım. Bu vaxt mülki geyimli şəxslər mənə yaxınlaşdılar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdilər. Hadisə barədə məndən soruşanda hər şeyi etiraf etdim. Onlarla Neftçala Rayon Polis Şöbəsinə gəldim. Tüfənglə atəş açarkən Elçini öldürmək və ya xəsarət yetirmək niyyətim olmayıb”.

İş üzrə zərərçəkmiş Elçinin sözlərinə görə, ailəsi ilə birlikdə Neftçala rayonu, Ramazanlı kəndində qeydiyyatda olmaqla orada yaşayır: “Təsərrüfatla məşğul olmaqla ailəmi dolandıram. Özümə məxsus torpaq sahəsində pambıq bitkisi əkib-becərirəm. Təqsirləndirilən Hüseyni rayon sakini kimi tanıyıram. O, Neftçala Suvarma Sistemləri İdarəsinin Qaçaqkənd üzrə sahə rəisidir. Onunla heç bir ədavət, düşmənçilik və qohumluq əlaqəm yoxdur. Mən pambıq sahəsini çıxış suyu ilə suvarsam da, sonra suvara bilməmişəm. Bununla bağlı olaraq da sahə rəisi kimi Hüseynə müraciət etmişəm. Gördüm ki, başqa digər kənd sakinlərinə su verilir, lakin mənə su verilmir. Buna görə də kəndin ərazisində küçədə olan zaman suyu vermədiyi üçün Hüseynlə sözlə mübahisə etdim. Həmin zaman aramızda heç bir dava-dalaş olmadı. Həmin zaman da xatırladığım qədəri ilə biz bir-birimizi təhqir etdik. Sonra isə oradan hər birimiz yaşadığımız evə qayıtdıq”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat təxminən 07 radələrində yaşadığı evdə olan zaman bir nəfər şəxsin onu səsləyərək çağırdığını eşidib: “Mən də həyətə düşdüm ki, görüm kimdir. Mən ela həyətin darvazasından çölə çıxmışdım ki, Hüseyn öz "Niva" markalı avtomobilindən məni söyüb təxminən 15 metr məsafədən havaya əlində olan tüfənglə 3 dəfə atəş açdı. Həmin güllənin qırmalarında bir neçəsi mənim sol qulaq və baş nahiyəmə dəydi. Sonra mən tez içəri girdim, yerə oturdum. Sonra isə ayağa qalxdım. Ailə üzvlərimin köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirildim. Orada mənə ilkin tibbi yardım göstərildi. Daha sonra isə evə getdim”.

Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Hüseynin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Demokrat.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu