İranda daşqın nəticəsində 7 nəfər ölüb


İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərində güclü yağışdan sonra baş verən seldə 7 nəfər həyatını itirib, 12 nəfər isə itkin düşüb.



İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Məşhəd Bələdiyyəsinin Yanğınsöndürmə İdarəsinin sədri Həmidriza Kafiniya verdiyi açıqlamada seldə 7 nəfərin həyatını itirdiyini bildirib.

Kafiniya sel nəticəsində Məşhəd İnqilab Meydanında 2 nəfərin maşınlarında öldüyünü, bir ana və 4 uşağının isə evlərində sıxışıb qaldığını bildirib.

Yanğınsöndürmə qruplarının çərşənbə günü saat 15:00-dan etibarən daşqından zərər çəkən insanlara kömək etməyə başladığını qeyd edən Kafiniya, axtarış-xilasetmə işlərini davam etdirdiklərini söyləyib.

Rezevi Xorasan Qızıl Aypara Cəmiyyətinin sədri Muhsin Zakiriyan sel nəticəsində 12 nəfərin itkin düşdüyünü açıqlayıb.

Məşhəd vilayətinin qubernatoru Muhsin Daveri də seldən zərər çəkmiş ən azı 250 ailənin şəhərin və ətraf kəndlərin daha təhlükəsiz olan müxtəlif hissələrinə köçürüldüyünü bildirib.

Məşhəddə sel nəticəsində 150 ​​evin zərər gördüyünü deyən Daveri, sözügedən evlərin boşaldıldığını, bəzilərinin isə təmizləndiyini bildirib.

Sosial mediada paylaşılan görüntülərdə şəhərin bəzi yerlərində yolların bağlandığı, nəqliyyat vasitələrinin su altında qaldığı və bəzi vətəndaşların öz imkanları ilə nəqliyyat vasitələrini sudan çıxarmağa çalışdıqları görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu