Rəisi Məşhəddəki İmam Rza türbəsində dəfn edildi
Helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisinin cənazəsi Məşhəddəki İmam Rza türbəsində keçirilən mərasimdən sonra torpağa tapşırılıb.
Təbriz, Qum, Tehran və Bircənd şəhərlərində keçirilən vida mərasimlərindən sonra Rəis bu gün Məşhəd şəhərində son mənzilə yola salınıb.
Cənubi Xorasan əyalətinin Bircənd şəhərində keçirilən mərasimdən sonra məmləkətinə gətirilən Rəisi yola salmaq üçün Məşhəd küçələrində, xüsusən də dəfn olunduğu İmam Rza türbəsinin ətrafında matəm rəmzi plakatlar və qara bayraqlar asılıb.
Qəzada həlak olan Rəisi və digər iki məmurun cənazələri hava limanında qarşılanıb, daha sonra ölkənin ən müqəddəs yeri sayılan İmam Rza türbəsinə gətirilib.
Türbənin çölündə və içərisində böyük izdihamın iştirakı ilə keçirilən mərasim Qurani-Kərim tilavəti ilə başlayıb. Daha sonra rəis və digər rəsmi şəxslər üçün dualar edilib.
Mərasimdə bir çox ölkədən yüksək səviyyəli nümayəndələr, nazirlər, İranın mülki və hərbi rəsmiləri iştirak ediblər.
Rəisinin cənazəsi axşam saatlarında İmam Rza türbəsinin içərisində onun üçün hazırlanmış ərazidə dəfn edilib.