Elektrikli avtomobil istehsalçısı "Fisker" müflis olduğunu elan edib
Amerikanın elektrik avtomobil istehsalçısı "Fisker" iflas etdiyini elan edib. Şirkət aktivlərini satmağı və borcun restrukturizasiyasını planlaşdırır.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Reuters-in daha əvvəl xəbər verdiyi kimi, bu ilin əvvəlində "Fisker" mümkün investisiyalar və birgə istehsalla bağlı "Nissan" ilə danışıqlar aparırdı, lakin onlar heç bir nəticəyə gətirib çıxarmayıb.
2023-cü ildə "Fisker" 10 mindən çox elektromobil istehsal edib ki, bu da proqnozun dörddə birindən azdır. Bununla belə şirkət cəmi 4,7 min avtomobil sata bilib. Mayda ABŞ tənzimləyicisi avtomatik təcili əyləc sisteminin anidən işə salınması ilə bağlı şikayətlərdən sonra "Fisker" avtomobilləri ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, "Fisker" 2016-cı ildə keçmiş BMW və Aston Martin dizayneri, danimarkalı dizayner və sahibkar Henrik Fisker tərəfindən təsis edilib. Onun 2007-ci ildə qurulan digər şirkəti "Fisker Automotive" Karma hibrid sedanını istehsal edib, lakin 2013-cü ildə iflas edib.