İspaniyada üç rusiyapərəst haker həbs edilib


İspaniya polisi terror məqsədləri üçün NATO ölkələrinə qarşı kiberhücumlarda şübhəli bilinən üç rusiyapərəst hakeri həbs edib.


AFN.az-ın məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

İspaniya Mülki Qvardiyasından verilən açıqlamada bildirilir ki, şübhəlilər dövlət qurumlarına və strateji sektorlara qarşı paylanmış xidmətdən imtina (DDoS) kiberhücumlarında iştirak etdiklərinə görə saxlanılıblar.

Kiberhücumların Rusiya ilə münaqişədə Ukraynanı dəstəkləyən ölkələrdə dövlət sektorunda, kritik infrastrukturda və əsas xidmətlərdə olan dövlət və özəl təşkilatların internet səhifələrinə qarşı həyata keçirildiyi qeyd edilir. Polis şübhəlilərdən birinin evində axtarış aparıldığı, onun X sosial şəbəkəsindəki divarında oraq və çəkiclə sovet dövrünə aid bayrağın asıldığı videonu yayıb.

“Bu kompüter hücumları Rusiyanın Ukraynaya təcavüzündən sonra ən fəallardan birinə çevrilən "NoName057(16)" haktivist qrupu tərəfindən təşkil edilib. Qrup özünün təsis manifestində “Qərbi rusofobların düşmənçilik və açıq-aşkar anti-Rusiya hərəkətlərinə mütənasib cavab verəcəyini” etiraf edir" - deyə açıqlamada deyilir.

Həbslərin Mayorka adasındakı Manakorda, eləcə də ölkənin cənubundakı Huelva və Sevilyada aparıldığı dəqiqləşir. İspaniya hüquq-mühafizə orqanları araşdırmalarını davam etdirir.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyanın CARR haker qrupunun iki üzvünə qarşı sanksiyalar tətbiq edib. Qeyd olunur ki, Amerika hakimiyyəti hakerlər Yuliya Pankratova və Denis Deqtyarenkonu ABŞ-ın kritik infrastrukturuna kiberhücumlarda ittiham edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu