Avstraliya başda olmaqla 8 ölkə Çini kibercasusluqda ittiham edir


Avstraliyanın başçılıq etdiyi 8 ölkə Çin dövləti tərəfindən dəstəklənən APT40 haker qrupunu hökumət və özəl sektor infrastrukturlarını hədəfə almaq və yüzlərlə insanın istifadəçi adlarını və şifrələrini ələ keçirmək kimi irimiqyaslı əməliyyatlar həyata keçirməkdə ittiham edib.



Kiber-kəşfiyyat agentliyi olan Avstraliya Siqnallar Müdirliyi (ASD) Çin Dövlət Təhlükəsizliyi Nazirliyinə (MSS) bağlı APT40-ın fəaliyyəti ilə bağlı Kanada, Yeni Zelandiya, İngiltərə, ABŞ, Almaniya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla 8 ölkənin bəyanatını dərc edib.

Açıqlamada APT40-ın Avstraliya və bölgədəki dövlət və özəl sektor şəbəkələrini hədəf aldığı və yüzlərlə insanın istifadəçi ad və şifrələrinin ələ keçirilməsi kimi geniş miqyaslı əməliyyatlar həyata keçirdiyi ifadə edilib.

APT40-ın sözügedən 8 ölkənin kəşfiyyat qurumlarının şəbəkələrində kəşfiyyat apardığı və haker qrupunun bu yolla hədəflərini təhlükəyə atmaq üçün fürsət gözlədiyi qeyd edilib.

ABC News-un məlumatına görə, Çinin Kanberradakı səfirliyindən verilən açıqlamada Pekinə qarşı əsassız iddia və ittihamların rədd edildiyi bildirilib və kiber məkanın təhlükəsiz saxlanmasının qlobal problem olduğu vurğulanıb.

Açıqlamada Çinin kiberhücumların əsas qurbanı olduğuna diqqət çəkilib və Pekinin hakerlərin başlatdığı hücumları dəstəkləmədiyi qeyd edilib.

Avstraliyanın Daxili İşlər Departamenti artan xarici müdaxilə və təhdidlərdən sonra Birlik ölkələrinin kəşfiyyat agentlikləri tərəfindən istifadə edilən internet texnologiyasının hərtərəfli auditinin aparılmasına göstəriş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu