MAQATE: PUA zərbəsi Zaporojya AES-in təhlükəsizliyinə təsir göstərməyib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye atom elektrik stansiyasına pilotsuz təyyarənin endirilməsinin obyektin nüvə təhlükəsizliyinə təsir etmədiyini təsdiqləyib.
AFN.az xəbər verir ki, bu barədə təşkilatın saytındakı məlumatda bildirilib: "Nüvə təhlükəsizliyinə heç bir təsir yoxdur".
MAQATE-nin stansiyadakı mütəxəssisləri zərərin qiymətləndirilməsi üçün hücuma məruz qalan soyutma qülləsinə giriş istəyib. Agentlik qeyd edib ki, stansiyanın iki soyuducu qülləsi onun perimetrindən kənarda yerləşir və onlara zərbə birbaşa Zaporojjya AES-in altı enerji blokuna təsir etməyəcək. Bununla belə, hər hansı bu cür təsir nəticəsində yaranan yanğın təhlükə yarada bilər.
"Bu ehtiyatsız hücumlar stansiyada nüvə təhlükəsizliyini təhlükə altına qoyur və nüvə qəzası riskini artırır. Onlar dərhal dayandırılmalıdır", - deyən Qrossi hücuma görə məsuliyyət daşıyan tərəfi açıqlamayıb.
MAQATE mütəxəssisləri həmçinin stansiyada fon radiasiyasının normal olduğunu müəyyən ediblər.