ABŞ Rusiyanı prezident seçkilərinə müdaxilə etməkdə ittiham edir


ABŞ Ədliyyə Nazirliyi Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib.


ABŞ ədliyyə naziri Merrik Qarland nazirlikdə keçirdiyi mətbuat konfransında Moskva rəhbərliyini hədəf alan açıqlamalar verib və yeni sanksiyaları açıqlayıb.

Qarland qeyd edib ki, Rusiyanın dövlət kanalı RT Moskva administrasiyası tərəfindən Amerikada prezident seçkiləri öncəsi ictimai rəyi yönləndirmək və bununla da seçkilərə təsir etmək üçün gizli şəkildə istifadə edilib.

Nazir Qarland təkcə RT-nin deyil, Moskvanın yönləndirdiyi bir çox sosial media platforması və istifadəçilərinin də Amerika ictimaiyyətinə təsir göstərməyə, seçkilərə müdaxilə etməyə çalışdığını iddia edərək, bu şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edəcəklərini bəyan edib.

O, RT-nin iki əməkdaşı Kostiantyn Kalaşnikov və Elena Afanasyevanın sosial media platformaları vasitəsilə ABŞ-da siyasi təsir yaratmaq üçün 10 milyon dollar xərclədiyini təsbit etdiklərini və bu iki adı sual altına aldıqlarını açıqlayıb.

ABŞ-lı nazir İran və Çin, eləcə də Rusiya kimi aktorların ABŞ-ın siyasi sisteminə və prezidentlik yarışına birbaşa olmasa da dolayısı ilə təsir göstərməyə çalışdıqlarını və bu addımları yaxından izlədiklərini, lazımi ehtiyat tədbirlərini gördüklərini vurğulayıb.

Ədliyyə Nazirliyi, həmçinin Rusiyaya bağlı iki media-kommunikasiya şirkətinin - "Sosial Dizayn Agentliyi" (SDA) və "Structura National Technology (Structura)" - ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyə çalışdıqlarını və bu kontekstdə sanksiyalara məruz qalacağını açıqlayıb.

ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Rusiya RT və digər media qurumları vasitəsilə 2016-cı il prezident seçkilərinə müdaxilə etməyə cəhd edib, Moskva isə seçkilərə müdaxilə iddialarını rədd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu