Estoniya Rusiya donanmasının Baltik dənizində hərəkətini qadağan etmək istəyir
Estoniya və Finlandiya Finlandiya körfəzində rus donanmasının hərəkətini tamamilə qadağan edən plan hazırlamalıdır.
TASS xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin komandanı Andrus Merilo bildirib.
"Dəniz müdafiəsi Finlandiya və Estoniyanın əməkdaşlığını artırmağa davam edəcək bir prosesdir və bəlkə biz, sözün həqiqi mənasında, Baltik dənizində düşmən fəaliyyətlərini tamamilə qadağan etmək üçün daha konkret planlar hazırlaya bilərik" - deyə Merilo qeyd edib. Onun sözlərinə görə, körfəzin əksəriyyətinə NATO-ya üzv ölkələrin nəzarəti Rusiya üçün problemdir və təhlükə yaranarsa, onun bağlanması baş verəcək.
Qeyd edək ki, Estoniyanın cənubunda Rusiya ilə sərhədə yaxın ərazidə yeni hərbi baza açılıb. Voru şəhəri yaxınlığında, Juba kəndində yerləşən bazada Estoniyanın ikinci briqadasının və digər NATO ölkələrinin qoşun kontingentinin yerləşdiriləcəyi gözlənilir.