Üç İran aviaşirkətinə sanksiya tətbiq edilib


Avropa İttifaqı İranın 3 aviaşirkətinə, o cümlədən ölkənin milli aviadaşıyıcısına, 4 sənaye və nəqliyyat şirkətinə, həmçinin müdafiə nazirinin müavini Seyid Hamzeh Qələndəri də daxil olmaqla 7 məmur, iş adamı və hərbçiyə qarşı sanksiya tətbiq edib.


Bu barədə Avropa İttifaqı Şurasının qətnaməsində deyilir.

“Aİ Şurası bu gün 7 şəxs və 7 təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər qəbul edib”, - deyə bəyanatda bildirilir. Qeyd edilir ki, sanksiyalar “Rusiyaya raket və pilotsuz təyyarələrin tədarükü” ilə yanaşı, “Yaxın Şərq və Qırmızı dəniz bölgəsində sülh və təhlükəsizliyə xələl gətirən” husi qruplarına raket ötürülməsinə görə tətbiq edilib.

Sanksiyalar dərhal qüvvəyə minir. Onlar Aİ üçün standart qadağalar toplusunu təmsil edir: fiziki şəxslərin Aİ ərazisinə daxil olması qadağandır və onların aktivləri bloklanmaya məruz qalır, hüquqi şəxslər də aktivlərin bloklanması və Avropa biznesləri ilə hər hansı əlaqənin qadağan edilməsi ilə üzləşəcəklər.

Qeyd edək ki, sanksiya siyahısına daxil edilən İran aviaşirkətləri uzun müddətdir ki, Aviasiya Təhlükəsizliyi üzrə Avropa Komissiyasının qara siyahısında olduqları üçün Aİ-yə uçuşlar həyata keçirmirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu