"McDonald's"dan yayılan E.Coli bakteriyasına yoluxanların sayı 104-ə yüksəlib
ABŞ-ın 14 ştatında "McDonald's" restoranlarında istehsal olunan hamburgerlərdə aşkar edilən E.Coli bakteriyasına görə yoluxanların sayının 104-ə yüksəldiyi açıqlanıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) ölkənin 14 ştatında "McDonald's"ın "Quarter Pounder" hamburgerində koli bakteriyalarının olması ilə bağlı məlumat verib.
Açıqlamada sözügedən bakteriyaya yoluxanların sayının 104-ə yüksəldiyi, 34 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Xatırladaq ki, CDC oktyabrın 23-də bu bakteriya səbəbiylə xəstələnən 49 nəfərdən birinin öldüyünü açıqlayıb.
Açıqlamada hamburgerlərdə istifadə edilən mal ətindən hazırlanan küftə və soğanın tərkibində E.Coli bakteriyası ola biləcəyi, lakin bunun dəqiq olmadığı, "McDonald's"ın bəzi ştatlarda bu hamburgerlərin satışını və şübhəli maddələrin istifadəsini dayandırdığı bildirilib.
Bundan əlavə, CDC-nin məlumatına görə, E.Coli bakteriyası ABŞ-da ildə təxminən 70 min infeksiyaya səbəb olur və bu səbəbdən hər il 2 mindən çox insan müalicə olunur.
Mənbə: AA