Ərdoğan: ABŞ-ın Yaxın Şərqdə atəşkəs təşəbbüsü gecikib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenin Yaxın Şərqdə son atəşkəs təşəbbüsünün gec, lakin vacib addım olduğunu deyib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, bunu Türkiyədə səfərdə olan Oman sultanı Heysəm bin Tarek Əl Səidlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Qəzza zolağında dərhal, ədalətli və daimi atəşkəs təmin olunmasa, biz regional və qlobal sülhə nail ola bilməyəcəyik”, - deyə Türkiyə lideri qeyd edib.
Ərdoğan xatırladıb ki, Qəzza münaqişəsinin əvvəlindən Türkiyə davamlı atəşkəsin təmin edilməsinə töhfə verməyə hazır olduğunu dəfələrlə bəyan edib: “Biz həm vasitəçi, həm də zamin olaraq bunu etməyə hazırıq. Bu mövqe dəyişməyib. Təbii ki, Qəzzada əmin-amanlıq və sülh üçün əlimizdən gələni etməkdən çəkinməyəcəyik. Biz Livandakı kimi Qəzzada da tezliklə atəşkəsə ümid edirik".