ABŞ Poçt Xidməti Çindən gələn paketlərin daşınmasını dayandırır


ABŞ Poçt Xidməti (USPS) Çin və Honq Konqdan ölkəyə gələn paketlərin daşınmasını dayandırdığını açıqlayıb.



USPS-nin verdiyi açıqlama Amerikanın "Wall Street Journal" (WSJ) xəbərində yer alıb. Açıqlamada Çin tacirləri və e-ticarət müəssisələri arasında populyar olan bağlamaların göndərilməsinin növbəti xəbərdarlığa qədər dayandırılması qərarının alındığı bildirilib.

Açıqlamada Çin və Honq-Konqdan bağlamaların daşınmasının dayandırılmasının məktubların çatdırılmasına təsir etməyəcəyi bildirilib.

Maraqlıdır ki, bu bəyanat ABŞ prezidenti Donald Trampın fevralın 1-də Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumunun tətbiqi ilə bağlı fərman imzalamasından sonra verilib.

Tramp Kanada və Meksikaya tətbiq edilən tariflərin qüvvəyə minməsini həmin ölkələrin sərhəd nəzarətini gücləndirməsi müqabilində bir ay təxirə salacağını açıqlasa da, Çin üçün təxirə salınma olmadı.

Çin də Trampın ölkədən idxal edilən bütün məhsullara əlavə 10 faiz gömrük rüsumu tətbiq etmə qərarına cavab olaraq ABŞ-dan idxal edilən bəzi məhsullara əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.

Çin Maliyyə Nazirliyindən verilən açıqlamada, ABŞ-dan xam neft, kənd təsərrüfatı avadanlıqları, yüksək tullantı buraxan nəqliyyat vasitələri və pikaplar daxil olmaqla məhsullara 10 faiz, kömür və təbii qaz idxalına isə 15 faiz əlavə gömrük rüsumunun tətbiq ediləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu