Yüzlərlə uşağı cinsi istismara məruz qoyan cərrah mühakimə olunur: Mən dəhşətli işlər görmüşəm


Fransada 74 yaşlı cərrah Joël Le Scouarnec 30 il ərzində əksəriyyəti uşaqlar olan 299 xəstəyə cinsi istismarda ittiham olunur. Hakim qarşısına ilk dəfə çıxan Le Scouarnec “Mən dəhşətli işlər görmüşəm” deyərək cinayətlərini etiraf edib və məsuliyyəti qəbul edəcəyini bildirib.



Məhkəmə sənədlərinə görə, Le Scouarnec anesteziya altında olan və ya əməliyyatdan sağalan uşaq xəstələrə qarşı zorakılıq edib. Qurbanların orta yaşının 11 olduğu bildirilib, həkimin evində isə zorakılığını əks etdirən dəftərlər tapılıb.

Şübhəli həkimin 1989-2014-cü illər arasında Fransanın qərbindəki bir neçə xəstəxanada işlədiyi və bu müddət ərzində xəstələrini cinsi istismara məruz qoyduğu iddia edilir.

2017-ci ildə qonşuları Bordo yaxınlığındakı Jonzak qəsəbəsində polisə şikayət etdikdən sonra Le Scouarnec haqqında istintaq başladılıb. 2020-ci ildə o, altı yaşlı qonşusuna, dörd yaşlı xəstəyə və iki qardaşı oğluna qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib.

Həkimin evində axtarış zamanı polis uşaqlara qarşı zorakılığı əks etdirən 300 mindən çox foto və video tapıb. Bundan əlavə, bəziləri real ölçüdə olan gəlinciklər və qurbanlarının adları yazılmış dəftərlər tapılıb. Le Scouarnec qeyd dəftərlərinin birində “Mən pedofiləm və həmişə belə olacağam” yazıb.

Məhkəmə həmçinin həkimin keçmiş cinayətlərindən xəbərdar olmasına baxmayaraq, peşəsini necə davam etdirə bildiyini də sorğu-sual edir. Le Scouarnec 2005-ci ildə uşaq istismarı şəkillərinə sahib olduğu üçün dörd aylıq şərti həbs cəzası alıb. Bu vəziyyət onun işəgötürənlərinə, "L'Ordre des Médecins" həkimlər həmkarlar ittifaqına və Fransa Səhiyyə Nazirliyinə bildirilsə də, heç bir sanksiya tətbiq edilməyib.

İşdə zərərçəkmişlərin hüquqlarını 60-dan çox vəkil müdafiə edir. 256 qurbanın 15 yaşdan aşağı olduğu, ən kiçiyinin 1 yaşında olduğu qeydə alınıb. Zərərçəkmişlər hadisələrin xronoloji ardıcıllığı ilə gələn ay məhkəmədə ifadə verəcəklər.

Məhkəmədə Le Scouarnec-in keçmiş həyat yoldaşı və üç övladı da ifadə verəcək.

"L'Ordre des Médecins" həkimlər həmkarlar ittifaqının bütün məhkəmə prosesi boyu məhkəmədə olması mübahisə mövzusu olub. Uşaqları müdafiə edən "La Voix de L’Enfant" xeyriyyə təşkilatının vəkili Frédéric Benoist "Belə ciddi ittihamlar olduqda peşəkar təşkilatın müttəhimlərlə eyni mövqedə olması qalmaqallıdır" deyib.

Məhkəmənin təxminən dörd ay davam edəcəyi gözlənilir və Fransada böyük ictimai rezonans doğurur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu