Kiyev ABŞ-dan 15 milyard dollara 10 "Patriot" sistemi almağa hazırdır

Ukrayna 10 "Patriot" zenit-raket kompleksi üçün 15 milyard ABŞ dolları ödəməyə hazırdır, lakin Vaşinqton bu sistemləri satmaqdan imtina edir.
AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "CBS News" kanalına verdiyi müsahibədə deyib.
"Biz ABŞ-dan almağa hazırıq və bəzi şəhərləri bağlamaq üçün ən azı 10 "Patriot" sistemi lazımdır. Bunun ümumi dəyəri 15 milyard dollardır. Biz bu 15 milyard dolları ödəməyə hazırıq, bu pulu tapacağıq və hər şeyin əvəzini ödəyəcəyik", - deyə o, əmin edib.
Zelenski bəyan edib ki, Kiyev avropalı tərəfdaşları hesabına Vaşinqtondan hava hücumundan müdafiə sistemləri və digər silahlar almaq niyyətindədir. "Bizim hava hücumundan müdafiə sistemlərimiz yoxdur, bu sistemlərimiz kifayət qədər deyil. Bizə lazım olan yeni silahların olduğu paketi ABŞ-a təhvil verdik. Biz bu paketi almağa hazırıq. Biz bunu avropalı tərəfdaşlarla müzakirə etdik, onlar bizimlə birgə müvafiq paketləri maliyyələşdirməyə hazırdırlar", - deyə ölkə prezidenti əlavə edib.
Eyni zamanda, Zelenski ABŞ-la razılığa gəlməkdə yaranan çətinlikdən danışıb: “Mən başa düşmürəm ki, biz niyə əlavə "Patriot" sistemləri ilə bağlı razılığa gələ bilmirik. ABŞ deyir ki, bu gün heç bir imkan yoxdur. Amma eyni zamanda, məsələn, İsrailə belə sistemlər ötürürlər".