İspaniyadakı tarixi Roma su kəmərindən yıxılan turist öldü

İspaniyanın Seqoviya şəhərindəki tarixi Roma su kəmərini ziyarət edən 63 yaşlı britaniyalı turist baxış platformasından yıxılaraq ölüb. Hadisə şənbə günü yerli vaxtla saat 13:00 radələrində baş verib.
Kastiliya və Leon bölgə rəhbərliyindən verilən açıqlamaya görə, təcili xidmət qrupları qısa müddətdə hadisə yerinə çatsa da, edilən bütün müdaxilələrə baxmayaraq, kişini xilas etmək mümkün olmayıb və onun hadisə yerində öldüyü bildirilib.
Britaniya Xarici İşlər, Birlik və İnkişaf İdarəsi bazar ertəsi verdiyi açıqlamada bir Britaniya vətəndaşının İspaniyada öldüyünü təsdiqləyib.
Hadisə ilə bağlı Seqoviya bələdiyyəsindən hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Seqoviya paytaxt Madriddən təxminən 65 kilometr şimal-qərbdə yerləşir. Şəhər Roma dövrünə aid olan və hələ də suyun nəqlinə xidmət edən su kəməri ilə tanınır.
98-117-ci illər arasında Roma İmperatoru Trayanın hakimiyyəti dövründə tikilmiş bu quruluş Frio çayından Seqoviyaya su aparır.
Su kəmərinin mərkəzi hissəsində üst-üstə iki qatda yerləşən tağlar yerdən 28,5 metr hündürlüyə çatır.