Britaniya bəzi ticarət sənədlərinin məxfilik səviyyəsini artırıb

Britaniya rəsmiləri bəzi ticarət sənədlərinin sızmasının və ABŞ-ın əlinə keçməsinin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib və onların məxfilik səviyyəsini artırıb.
AFN.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin xəbərinə görə, iş protokollarının dəyişdirilməsi London və Vaşinqton arasında ticarət və xarici siyasət məsələləri üzrə münasibətlərdəki gərginliklə bağlı olub. Bildirilir ki, əvvəllər ABŞ-la ticarətə dair sənədlər “rəsmi - məxfi” kimi təsnif edilirdi və məmurlara onları daxili elektron məktublarda paylaşmağa icazə verilirdi. İndi isə Xarici İşlər Nazirliyi və Biznes və Ticarət Departamentinin Londonun danışıqlarda tutduğu mövqelərdən bəhs edən sənədləri “məxfi” və “tam məxfi” kimi təsnif edilib. Bundan əlavə, məmurlar onları necə göndərmək və sızma və müdaxilələrdən qaçınmaq üçün tövsiyələrlə yeni təlimatlar alıblar.
Mənbələr, Biznes və Ticarət Departamenti ilə işləyən şirkətlərə də əlavə tədbirlər görmələri tövsiyə edildiyini söyləyiblər.
“Financial Times” qəzeti isə mənbələrə istinadən xəbər verir ki, Avropa Komissiyası casusluqdan qaçmaq üçün ABŞ-a səfər edən məmurlara birdəfəlik telefonlar və sadə noutbuklar verməyə başlayıb.