BMT İsraili təşkilatın Fələstindəki işinə mane olmaqda ittiham edir

İsrail BMT əməkdaşları və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) işçiləri üçün vizaları məhdudlaşdırmaqla Fələstin ərazilərində onun işinə mane olur.
AFN.az xəbər verir ki, bunu BMT baş katibinin müavini və təşkilatın hüquq departamentinin rəhbəri Elinor Hammarskjöld deyib.
Beynəlxalq Ədalət Məhkəməsində İsrailin işğal olunmuş Fələstin əraziləri qarşısında öhdəlikləri ilə bağlı dinləmələr zamanı o, qeyd edib ki, BMT əməkdaşlarına İsrail tərəfindən vizaların verilməsi prosesi daha da böyük məhdudiyyətlərlə üzləşir və UNRWA əməkdaşlarına qarşı təşkilat qarşısında vəzifələrinə görə tədbirlər görülür. Hammarskjöld deyib ki, İsrail tərəfindən fələstinli uşaqlar üçün UNRWA məktəblərinə icazəsiz müdaxilə olub və onların bağlanması qərarları verilib.
Beynəlxalq Ədalət Məhkəməsində İsrailin işğal etdiyi Fələstin torpaqlarına qarşı öhdəlikləri ilə bağlı dinləmələr başlayıb və mayın 2-dək davam edəcək. Bildirildiyinə görə, məhkəməyə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan ümumilikdə 45 yazılı bəyanat daxil olub.