Qanada 4 nəfərdə meymun çiçəyi aşkar edilib

Qərbi Afrika ölkəsi Qanada 4 meymun çiçəyi yoluxması aşkar edilib.
Qana Səhiyyə Xidmətinin (GHS) baş direktoru Samuel Kaba Akoriyea verdiyi açıqlamada, bu il ilk dəfə Böyük Akkra və Qərb əyalətlərində meymun çiçəyi xəstəliyinə yoluxma hallarının qeydə alındığını bildirib.
Böyük Akkra əyalətində iki, Qərb əyalətində isə iki nəfərdə meymun çiçəyi xəstəliyinin aşkarlanması qeyd edilib. Akoriyea bu yoluxmaların daha əvvəl bildirilmiş hallarla epidemioloji əlaqəsinin olmadığını vurğulayıb.
O, epidemiyanın yayılmasının qarşısını almaq üçün ictimai sağlamlıq tədbirlərinin qüvvəyə mindiyini və təmasların təqibinə başlanıldığını bildirib.
Qana hökumətinin ictimai sağlamlığı qorumaq əzminə diqqət çəkən Akoriyea deyib: "Bütün vətəndaşlarımızın sağlamlığını qorumaq üçün müvafiq tədbirlər görməyə davam edəcəyik, oxşar hadisələrlə mübarizə təcrübəmizdən istifadə edəcəyik."