Miçiqan Universiteti izləmə qalmaqalından sonra müqavilələri ləğv etdi


ABŞ-ın Miçiqan Universiteti özəl təhlükəsizlik məmurunun Fələstin tərəfdarı olan tələbə qruplarını kampusda və ondan kənarda izlədiyi müəyyən edildikdən sonra kampusda özəl təhlükəsizlik şirkətlərindən aldığı xidmətləri dayandırdığını açıqlayıb.



Universitet rəhbərliyinin verdiyi açıqlamada, xidmətin alındığı özəl təhlükəsizlik şirkətinin işçilərindən birinin Fələstin tərəfdarı tələbələri həm kampusda, həm də kampusdan kənarda gizli şəkildə izlədiyi və qeydə aldığı bildirilib. Bunun qəbuledilməz və qeyri-etik olduğu açıqlamada vurğulanıb.



Bildirilib ki, özəl təhlükəsizlik işçiləri təxminən bir il əvvəl kampusun sıx yerlərində "şübhəli fəaliyyətlər" barədə məlumat vermək üçün işə götürülüb, lakin onlara nəzarət səlahiyyəti verilməyib.



Universitetin prezidenti Domeniko Qrasso da kampusda təhlükəsizlik xidmətləri göstərən bütün xarici provayderlərlə imzalanmış müqavilələrə xitam verildiyini açıqlayıb.



"Heç bir fərd və ya qrup inanclarına və ya bağlılıqlarına görə hədəfə alınmamalıdır" - deyə Qrasso qeyd edib.



Qeyd edək ki, Detroitdə yerləşən özəl təhlükəsizlik şirkətinin “City Shield”də işləyən mülki geyimli zabitlərinin Miçiqan Universitetinin tələbələrini lentə aldığı və onların söhbətlərini dinlədiyi barədə məlumatı “The Guardian” qəzeti bir neçə gün əvvəl yayıb.



Fələstin tərəfdarı olan Azadlıq və Bərabərlik Uğrunda Müttəfiq Tələbələr (SAFE) tələbə qrupunun üzvləri bir neçə dəfə mülki geyimli detektivlərin onları təqib etdiyini və bu şəxslərin bəzən hədələyici davranışlar nümayiş etdirdiklərini bildiriblər.



Tələbələr arxasınca gələnlər tərəfindən təhqir olunduqlarını, hətta birinin onların üzərinə maşın sürdüyünü iddia ediblər.



Universitetin 2023-cü ilin iyunundan 2024-cü ilin sentyabrına qədər City Shield-in ana şirkətinə ən azı 800.000 dollar ödədiyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu