G7 sammitində İran Trampa xəbərdarlıq edib?

ABŞ prezidenti Donald Tramp G7 sammitində olarkən İrandan mesaj alıb.
NBC-nin mənbələrə istinadən verdiyi məlumata görə, mesajda ölkədə "yatmış hüceyrələrin" aktivləşdirilməsi təhlükəsindən bəhs edildiyi iddia edilir.
Bildirilir ki, Vaşinqton administrasiyasının rəhbəri Kanadanın Kananaskis şəhərində keçirilən G7 sammitinə səfəri zamanı vasitəçi vasitəsilə Tehrandan xəbərdarlıq alıb. NBC-nin müxbiri Piter Aleksandrın sözlərinə görə, mesajda İranı bombalamağa başlayarsa, ABŞ ərazisində terror aktları həyata keçirəcək “yatmış hüceyrələr”in aktivləşməsindən bəhs edilir.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Tramp ABŞ silahlı qüvvələrinin İranda üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana uğurla hücum etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəyə son qoymağa razı olmalıdır. İsrail isə iyunun 13-dən İranın nüvə proqramını hədəf alan əməliyyat çərçivəsində İrana gündəlik zərbələr endirir.