Cənubi Koreyada 6 ABŞ vətəndaşı Şimali Koreyaya ləvazimat göndərərkən saxlanıldı

Cənubi Koreyada plastik butulkalar vasitəsilə Şimali Koreyaya düyü, 1 dollarlıq əsginaslar və İncil göndərməyə cəhd edən 6 ABŞ vətəndaşının saxlanıldığı bildirilib.
Yonhap agentliyinin xəbərinə görə, paytaxt Seulun qərbində yerləşən Qanxva adasında yaşı 20 ilə 50 arasında olan 6 ABŞ vətəndaşı təxminən 1300 plastik butulkanı dənizə buraxmağa çalışıb.
Düyü, 1 dollarlıq pul və İncil yerləşdirdikləri butulkaları dəniz yolu ilə Şimali Koreyaya göndərmək istəyən bu şəxslər ərazidə xidmət aparan hərbi birlik tərəfindən polisin məlumatlandırılması nəticəsində saxlanılıblar.
Rəsmilər qeyd ediblər ki, “Fəlakət və Təhlükəsizlik İdarəçiliyi Qanunu”nu pozmaq ittihamı ilə barələrində hüquqi tədbir görülən şübhəlilərin ifadələri tərcüməçi vasitəsilə alınacaq.
Həmin ərazinin 2024-cü ilin noyabrında təhlükəli zona elan edildiyi və vətəndaşların girişinə bağlandığını xatırladan rəsmilər, Şimali Koreyaya ləvazimat göndərilməsini qadağan edən inzibati qərarın da qüvvədə olduğunu vurğulayıblar.