Fon der Leyen: AK Rusiyanın aktivlərini müsadirə etmək niyyətində deyil
Avropa Komissiyası Rusiyanın Qərbdəki dondurulmuş aktivlərini müsadirə etmək niyyətində deyil, onlardan Ukraynaya “təzminat” şəklində kreditlər vermək üçün istifadə edəcək.
AFN.az xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Avropa İttifaqındakı işlərin vəziyyəti ilə bağlı illik hesabatla çıxış edən AK rəhbəri Ursula fon der Leyen deyib.
Onun sözlərinə görə, Aİ ölkələri təcili olaraq dondurulmuş Rusiya aktivlərinə əsaslanan Ukraynanın hərbi reaksiyasını maliyyələşdirmək üçün yeni həll yolu üzərində işləməlidir. "Biz Rusiya aktivləri ilə əlaqəli vəsaitlərdən istifadə etməklə Ukraynaya təzminat krediti ayıra bilərik. Aktivlərin özləri müsadirə edilməyəcək. Riskləri öz üzərimizə götürməliyik", - deyə o qeyd edib.
"Ukrayna yalnız Rusiya təzminat ödədiyi zaman krediti ödəyəcək. Bu vəsaitlər Ukraynaya indi kömək edəcək, lakin onlar həm də orta və uzunmüddətli perspektivdə kritikdir", - deyə fon der Leyen əlavə edib.


