ABŞ Ukrayna dron texnologiyasına milyardlarla dollar sərmayə qoyur
Ukrayna ilə ABŞ arasında münasibətlərdə ciddi dönüş baş verir. İndiyədək Rusiyanın təcavüzünü dəf etmək üçün lazım olan silahların çatdırılması bir istiqamətə - Amerikadan Kiyevə göndərilirdi. İndi Kiyev Amerikaya döyüş sınaqlarından keçmiş dron texnologiyasını təklif edə bilər.
“The Wall Street Journal” hər iki ölkənin rəsmilərinə istinadən yazır ki, bir qrup Ukrayna rəsmisi və hərbçiləri bu həftə Vaşinqtonda prezident administrasiyası ilə qonorar və ya digər təzminat müqabilində pilotsuz uçuş aparatları texnologiyasını təmin edəcək saziş üzrə danışıqlara başlayıb. Həm Tramp, həm də Vladimir Zelenski razılaşmanı dəstəkləyib. ABŞ rəsmisi qəzetə bildirib ki, bu, milyardlarla dollar dəyərində ola bilər. O əlavə edib ki, tərəflər prinsipial razılığa gəlsələr, konkret detalların müzakirəsi aylar çəkəcək.
ABŞ mükəmməl pilotsuz təyyarələr istehsal edir, lakin Ukrayna döyüşdə effektivliyini sübut edən ucuz qiymətli pilotsuz uçuş aparatlarının kütləvi istehsalında xeyli irəlidədir. Ukrayna pilotsuz təyyarələrin istehsalı və istifadəsi sahəsində geniş təcrübəsini bölüşməyə hazırdır. Müdafiə nazirinin müavini Serhiy Boyevin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ilə Pentaqonun və Dövlət Departamentinin nümayəndələri ilə danışıqlar artıq başlayıb.
Amerika vençur kapitalı fondu UA1 Ukraynanın səkkiz müdafiə şirkətinə sərmayə qoyub və onun tərəfdaşı William McNulty etiraf edir ki, ABŞ-da Ukraynanın dron texnologiyasına ehtiyac var.
ABŞ administrasiyasının başqa bir rəsmisi "Wall Street Journal"a bildirib ki, pilotsuz uçan aparatlarla bağlı razılaşma ABŞ qoşunlarına PUA texnologiyasında Ukraynanın rəqabət üstünlüklərindən yararlanmağa imkan verəcək. "Rəsmi Kiyev də öz növbəsində yüksək texnologiyalı Amerika silahları əldə etməyə çalışır. Məsələn Patriot, HIMARS raket buraxılış sistemləri, uzaq mənzilli raketləri vuran ATACMS sistemləri və çoxməqsədli döyüş təyyarəsi" - deyə mənbə qeyd edib.


