Z nəsli ikinci qələbəsini qazandı: Peruda prezident “əxlaqi yararsızlıq” səbəbilə vəzifədən uzaqlaşdırılıb
Peru Konqresi prezident Dina Boluarteni “əxlaqi yararsızlıq” əsasına görə vəzifədən kənarlaşdırıb. Dörd fərqli impiçment təklifi birləşdirilərək qəbul edilib və Boluartenin təxminən iki il on aylıq prezidentliyi bununla başa çatıb.
AFN.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, səsvermədə 130 deputatdan 122-si onun vəzifədən uzaqlaşdırılmasının lehinə səs verib. Qərarın qəbul edilməsi üçün lazım olan 87 səs böyük fərqlə keçilib.
Boluarte özünü müdafiə etmək üçün Konqres iclasına qatılmayıb. Konqresin sədri Xose Jeri bildirib ki, prezident iclasa gəlməsə də, prosedur davam etdiriləcək.
Vitse-prezident olmadığı üçün Peru Konstitusiyasına əsasən, dövlət başçısı səlahiyyətləri Konqresin sədri Xose Jeriyə keçib.
Dina Boluarte 2022-ci ilin sonunda sabiq prezident Pedro Kastillonun vəzifədən uzaqlaşdırılmasından sonra ölkənin rəhbərliyinə gəlmişdi. Onu əvvəllər dəstəkləyən bəzi sağ partiyalar bu dəfə impiçment qərarına səs verərək həlledici rol oynayıb.
Son aylarda Peruda artan korrupsiya və təhlükəsizlik problemlərinə etiraz olaraq Z nəslinin təşəbbüsü ilə geniş aksiyalar keçirilirdi. Qərardan sonra gənclər Peru bayraqları ilə küçələrə çıxaraq “Z nəsli”nin qələbəsini qeyd ediblər.
Boluartenin uzaqlaşdırılması “Z nəsli”nin dünyada ikinci böyük siyasi uğuru kimi dəyərləndirilir. Daha əvvəl Nepalda bu nəsil kütləvi aksiyalarla hökumətin istefasına nail olmuşdu.



