Avropa 2024-cü ildə ABŞ silahına 76 milyard dollar xərcləyib
Avropa ölkələrinin ABŞ-dan silah alımları rekord həddə çatıb
Avropa ölkələrinin 2024-cü ildə ABŞ-dan silah alımları rekord səviyyəyə — 76 milyard dollara çatıb.
AFN.az xəbər verir ki, bu barədə Avropa analitik mərkəzi “Bruegel” tərəfindən hazırlanmış araşdırmada bildirilib.
Sənədə görə, son illərdə müdafiə xərclərinin artması Avropanın ABŞ silah sənayesindən asılılığını daha da gücləndirib. 2008-ci ildən bəri 1 179 hərbi satış razılaşması təhlil edilib.
Araşdırma göstərir ki, 2022–2024-cü illər arasında NATO-nun Avropadakı üzvlərinin müdafiə xərclərinin 50,7%-i ABŞ tədarüklərinin payına düşüb. Müqayisə üçün, 2019–2021-ci illərdə bu göstərici cəmi 28% olub.
Xüsusilə yüksək texnologiyalı hərbi avadanlıqlarda — hava hücumundan müdafiə sistemləri, raketlər və qırıcı təyyarələrdə — ABŞ-dan asılılıq daha güclüdür. Analitiklər xəbərdarlıq edirlər ki, bu vəziyyət Vaşinqtona Avropa üzərində həm müdafiə, həm də ticarət sahəsində təsir imkanları qazandırır.


