Alimlər poladdan 10 dəfə güclü “super ağac” hazırlayıblar
ABŞ-da fəaliyyət göstərən InventWood şirkəti poladdan 10 dəfə daha yüksək möhkəmlik-çəki nisbətinə və 6 dəfə daha yüngül yeni material hazırlayıb. “Super ağac” adlandırılan bu material adi ağacın kimyəvi və fiziki quruluşunun yenidən dizaynı ilə əldə edilib.
Ağacı poladla rəqabətə çıxaran tədqiqat
Materialşünas alim Lyanbinq Xu on ildən çoxdur ki, ağacı yenidən tərtib etmək üzərində çalışır. Maryland Universitetində apardığı tədqiqatlarda ağacı şəffaflaşdırmağı bacaran Xu-nun əsas məqsədi dünyada ən bol biopolimer olan selülozu möhkəmləndirərək ağacı poladla rəqabət edə biləcək materiala çevirmək idi.
Xu-nun 2017-ci ildə Nature jurnalında dərc olunan araşdırması “super ağac”ın əsasını qoyub. Adi ağac xüsusi kimyəvi məhlulda emal edilərək yüksək temperaturda preslənir və hüceyrə səviyyəsində sıxlaşdırılır. Nəticədə material əksər metallardan daha yüksək möhkəmlik-çəki nisbətinə çatır.
Yüngül, davamlı və ekoloji
140-dan çox patent və illərlə aparılan sınaqlardan sonra InventWood “Superwood”un kommersiya istehsalına başlayıb. Şirkətin baş direktoru Aleks Lau bildirib ki, materialın görünüşü adi ağac kimidir, lakin sınaqlarda qat-qat güclü və davamlıdır.
“Super ağac” Merilend ştatındakı fabrikində istehsal olunur. İlk mərhələdə fasad örtükləri və döşəmələrdə, daha sonra isə mebel və interyer dizaynında istifadə ediləcək. Lau qeyd edib ki, “Superwood" ilə inşa edilən binalar dörd dəfə yüngül ola bilər. Bu, həm zəlzələyə davamlılığı artırır, həm də tikintini asanlaşdırır.
Materialın istehsalı poladdan 90% az karbon emissiyası ilə həyata keçirilir, adi ağaca nisbətən 20 dəfə daha davamlıdır, göbələk və zərərvericilərdən təsirlənmir və yanğına qarşı ən yüksək dayanma səviyyəsindədir.
Gələcəyin tikinti materialı
Hazırda “Superwood”un qiyməti adi ağacdan yüksəkdir, amma istehsal miqyası artdıqca poladla rəqabət edə biləcəyi gözlənilir. Lau qeyd edib ki, məqsədləri ağacdan ucuz olmaq deyil, poladla yarışmaqdır.
Memar və şəhərsalma mütəxəssisi Filip Oldfild bildirib ki, güclü ağac növlərinin yayılması tikinti sektorunu dəyişə bilər:
“Ağac istehsal baxımından polad və betondan daha ekolojidir və uzun müddət karbonu saxlaya bilir”.
Ekspertlər hesab edir ki, “Superwood” gələcəkdə göydələnlərdən mebellərə qədər bir çox sahədə tətbiq oluna biləcək ekoloji inqilabi materialdır.


