Yaponiya xarici turistlər üçün viza rüsumunu artırmağı planlaşdırır


Yaponiya hökuməti xarici turistlər üçün viza rüsumunu artırmağı planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, dəyişiklik 2026 maliyyə ilinin başlanğıcı, yəni 1 aprel 2026-cı ildən qüvvəyə minəcək, lakin rüsumun dəqiq məbləği hələ açıqlanmayıb. Bu, Yaponiya tarixində xarici turistlər üçün ilk dəfə viza rüsumunun artırılması olacaq.

Hazırda Yaponiya üçün tək giriş vizası 3 000 yen (təxminən 19,5 ABŞ dolları), çoxgiriş vizası isə 6 000 yen (təxminən 39 ABŞ dolları) təşkil edir. Hökumət bildirir ki, bu rəqəmlər ABŞ (185$), Böyük Britaniya (167$) və Aİ ölkələri (104$) ilə müqayisədə xeyli aşağıdır.

Artırılacaq rüsumdan gələcək vəsait turist infrastrukturunun bərpası və ətraf mühitə zərərin aradan qaldırılması üçün istifadə olunacaq. Son illərdə ölkəyə gələn turistlərin sayının kəskin artması bu məsələləri aktuallaşdırıb.

Keçən il Yaponiya hökuməti turist axınının artdığını qeyd edib; bəzi aylarda bu pandemiya öncəsi səviyyəni ötüb. Artıma səbəb 11 oktyabr 2022-ci ildən fərdi turistlər üçün giriş məhdudiyyətinin ləğvi və qısa müddətli vizaların verilməsinin bərpası olub. Həmçinin yenin dollara nisbətdə ucuz olması turist axınını artırıb.

2024-cü ildə Yaponiya 36 milyon xarici turist qəbul edib, 2025-ci ildə isə ilk doqquz ayda 31,5 milyon turist gəlib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu