Almaniyada Merkel və Şoltsa sui-qəsd təklif edən şəxs həbs edilib


Almaniya polisi Şimali Reyn-Vestfaliya regionunun Dortmund şəhərində Almaniya və Polşa vətəndaşlığı olan bir şəxsi həbs edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ali Federal Məhkəmənin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, o, alman siyasətçilərinə sui-qəsd üçün mükafat vəd edibmiş.

Həbs qərarı Martin S. barəsində 8 oktyabrda verilib, həbs isə bazar ertəsi həyata keçirilib. Araşdırmalar göstərir ki, o, 2025-ci ilin iyun ayına qədər darknetdə öz onlayn platformasını yaradaraq Almaniyada siyasətçilərə, dövlət məmurlarına və ictimai şəxslərə sui-qəsd çağırışları edirmiş. Hədəf şəxslərin adları rəsmi açıqlamada qeyd olunmayıb.

"Spiegel" nəşrinə görə, potensial hədəflərin siyahısında 20-dən çox şəxs olub. Keçmiş kanslerlər Angela Merkel və Olaf Şols, adı açıqlanmayan eks-nazir, həmçinin hakimlər və prokurorlar siyahıda yer alıblar. Həbs edilən şəxs neonasist mühitlə əlaqələrə malik olub, platformasında sağçı-ekstremist, irqçi və konspiroloji materiallar, o cümlədən COVID-19 pandemiyası ilə bağlı paylaşımlar yerləşdirilirmiş. Jurnalistlərin məlumatına görə, Martin S. proqram təminatı üzrə mütəxəssisdir və 2014-cü ildə iflas edən Braunsçveydəki IT şirkətini idarə edib.

Məhkəmə məlumatına görə, şübhəli həmçinin partlayıcı qurğu hazırlamaq üsullarını açıqlayan materiallar yayıb və kriptovalyuta şəklində ianələr tələb edərək onları sui-qəsdlər üçün mükafat ödənişində istifadə etməyi planlaşdırırmış. Platformasında o, hədəf şəxslərin şəxsi məlumatlarını da paylaşırmış.

Ona qarşı irəli sürülən ittihamlar arasında terror fəaliyyətinin maliyyələşdirilməsi, dövlət təhlükəsizliyinə təhdid yaradan ağır cinayətlərə təhrik, həmçinin şəxsi məlumatların yayılması var. Martin S. çərşənbə axşamı məhkəməyə çıxarılacaq və həbs-qətimkan tədbiri müəyyən ediləcək. Almaniya Cinayət Məcəlləsinə görə, bu tip cinayətlər 10 ilədək həbs cəzası ilə nəticələnə bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu