"Kontakt Home"un sahibi ilə iş adamı arasında qalmaqal - 100 minlik avtomobil həbsdə qaldı
Bir neçə gün əvvəl Bakıda tuninq xidməti göstərən məşhur "Azart" şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulması haqqında xəbər vermişdik.
Xəbər yayımlandıqdan bir müddət sonra Arif Zeynalov "Qaynarinfo" ilə əlaqə saxlayaraq, bəzi yeni məlumatlar verdi. Onun sözlərinə görə, maşınlara həbs qoyulması hansısa banka kredit borcunun olması deyil. Səbəb onunla "Kontakt Home"un təsisçisi olan "ABC-Telekom" şirkətinin sahibi Fariz İstafilov arasında olan qalmaqaldır.
Qalmaqalın əsası isə hələ 2023-cü ildən qoyulub. Belə ki, o vaxt, Fariz İsrafilov "Azart" şirkətinə "Mercedes -Sprinter" markalı mikro avtobusun yığılıb tuning edilməsi üçün müraciət edir. Tərəflər müzakirələrdən sonra büdcəni (təxminən 60 000 ABŞ dolları) təsdiqləyirlər. Amma məbləğ böyük olduğu üçün, Arif Zeynalov materialların xaricdən gətirilməsi üçün avans istəyib.
"Fariz İsraifilov dedi ki, mən sənə bu avansı ancaq borc müqaviləsi ilə verə bilərəm. Mən dedim ki, niyə borc müqaviləsi, mən avans istəyirəm. O dedi ki, bu formal bir şeydir, bütün şirkətlərlə belə işləyirlər, sən əgər hər şeyi altı ay müddətində təhvil verəcəksənsə, problem olmayacaq. Düşündüm ki, bu boyda şirkət rəhbəri bizi aldatmaz və heç bir oyun qurmaz."
"Sonra öz maliyyə direktoru Bayramlı Müşfiq Elçin oğlunu yanına çağıraraq, ona tapşırdı ki, notariusa yollanın, Ariflə 6 aylıq borc müqaviləsi bağlayın, o pulu da verin, ehtiyyat hissələri alınsın. Biz də getdik, pulu götürüb, sifarişləri verdik, ehtiyat hissələri 2 ay ərzində gəldi Azərbaycana. İş başladı."
"6 ayın tamamında mən ölkədə deyildim, birdən mənə mesaj gəldi ki, Müşfiq Bayramlı məni borca görə məhkəməyə verib. Düşündüm ki, nə borc? Birdən yadıma həmin müqavilə düşdü. Zəng etdim, Fariz İsrafilov götürmədi, yığdım Müşfiq Bayramlıya, o da götürmədi..."
"Azart" sahibinin dediklərindən bəlli olur ki, qarşı tərəf ona 76 500 manat ödəyib. Müqaviləyə görə, avtomobil 6 ay ərzində təhvil verilməliymiş. Amma materialların xaricdən tapılıb gətirilməsi isə təxminən 2 ay vaxt apardığı üçün, nəticədə avtomobilin təhvil verilməsi prosesi də bir neçə ay yubanmalı olur. Amma 6 ay vədini və ortadakı borc müqaviləsinin müddətini əsas götürən qarşı tərəf Arif Zeynalovu məhkəməyə verir və verilən bütün avansı geri tələb edirlər.
Məhkəmə 3825 manat cərimə borcu və 342,45 manat dövlət rüsumu borcunu da ümumi məbləğə əlavə edərək, A.Zeynalovun qarşı tərəfə 80 000 manat ödəməli olması haqqında qərar çıxarır. A.Zeynalov bu məbləği ödəyə bilmədiyi üçün Səbail rayon İcra Şöbəsi iş adamının bahalı avtomobillərinə - "Li L8 Pro Plug-in", "Chrysler" və BMW markalı nəqliyyat vasitələrinə həbs qoyur.
A.Zeynalov "Mercedes" markalı avtomobilin yığılmasına 100 min manatdan çox xərc çəkildiyini, avtomobilin müəyyən gecikmə ilə olsa da təhvil verildiyini bildirir. O hesab edir ki, əvvəla, ortada heç bir borcdan söhbət gedə bilməz: "Bizə "Mercedes" markalı avtomobilin tuninq edilməsi üçün avans ödənilib, texniki səbəblərdən müəyyən gecikmə olsa da, avtomobil yüksək səviyyədə yığılaraq, təhvil verilib."
"Qarşı tərəf yerdə qalan ödənişi etməmək üçün belə bir addım atır. Təəssüf ki, məhkəmə gətirdiyimiz dəlilləri diqqətə almadan, şahidləri dinləmədən belə bir qərar qəbul etdi."
Qərardan narazı qalan Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri borc müqaviləsindəki məbləğdən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edib.
Məhkəmə "Li L8 Pro" markalı nəqliyyat vasitəsi üzərində həbs qərarını qüvvədə saxlasa da, digər iki avtomobili həbsdən azad edib.
Mövzu ilə bağlı mövqe bildirmək üçün "ABC Telecom"la əlaqə saxlasaq da, açıqlama vermək istəmədilər. Onlar məhkəmə qərarına heç nə əlavə etmək istəmədiklərini bildirdilər.



