Misir Qəzza sərhədindəki "Rafah" keçid məntəqəsinin açılacağı barədə məlumatı təkzib edib
Misir hakimiyyəti Qəzza bölgəsi ilə sərhəddə yerləşən "Rafah" keçid məntəqəsinin tezliklə açılacağı barədə yayılan məlumatı təkzib edib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Dövlət İnformasiya Xidməti yayıb.
Məlumatda qeyd olunur ki, İsrail mediasında yayılan "Rafah" keçid məntəqəsinin yaxın vaxtlarda açılacağı barədə xəbərlər həqiqəti əks etdirmir. Dövlət İnformasiya Xidmətinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, əgər sərhəd keçidinin fəaliyyəti ilə bağlı razılaşma əldə olunarsa, keçid həm Qəzzadan çıxış, həm də giriş üçün açılacaq, bu da ABŞ Prezidenti Donald Trampın hazırladığı sülh planında nəzərdə tutulub.
Əvvəllər İsrailin Fələstin ərazilərində fəaliyyətin koordinasiyası idarəsi (COGAT) keçidin yaxın günlərdə Qəzza sakinlərinin Misir ərazisinə çıxışı üçün açılacağını bəyan etmişdi. COGAT əlavə etmişdi ki, sakinlərin çıxışı İsrail tərəfindən yoxlamalarla müşayiət olunacaq və Misirlə koordinasiya olunacaq. Prosesə Avropa İttifaqının nümayəndə missiyası da nəzarət edəcək. COGAT bildirib ki, oxşar mexanizm 2025-ci ilin yanvarında tətbiq olunub.
Lakin idarə açıqlamasında qeyd etməyib ki, keçid məntəqəsi Misirdən Qəzza bölgəsinə giriş üçün nə zaman açılacaq.



