Polis bu məşhur brendlərdə yoxlamalara başlayır
İtaliya polisi 13 lüks geyim istehsalçısından tədarük zəncirlərinin idarə olunması və nəzarət sistemləri ilə bağlı sənədləri tələb edib. Bu, moda brendlərinin subpodratçılar vasitəsilə işçiləri istismar etməsi ilə bağlı araşdırma çərçivəsində həyata keçirilir.
AFN.az xəbər verir ki, bu haqda məlumatı "Reuters" məhkəmə sənədlərinə istinadla yayıb.
Sənəd təqdim etmələri tələb olunan şirkətlər arasında "Dolce & Gabbana", "Prada", "Gucci", "Missoni", "Versace" və digər brendlər var. Qeyd olunur ki, heç bir şirkət hələ istintaq altında deyil və onlara kənar idarəetmə tətbiq olunması tələb edilməyib.
İtaliya karabinərləri araşdırmalar zamanı Milan şəhərində Çin sahibkarlarına məxsus emalatxanalarda moda evlərinin məhsul və sənədlərini aşkar edib. Hüquq-mühafizə orqanları məqsəd qoyur ki, bu 13 şirkətin işçiləri hansı səviyyədə istismar etdiyi və korporativ idarəetmə sistemlərinin bu cür pozuntuların qarşısını almaq üzrə effektivliyi qiymətləndirilsin.
Yayılan məlumatda bildirilir ki, moda evləri tələb olunan məlumatları təqdim etdikdən sonra müəyyən edilmiş çatışmazlıqları özləri aradan qaldıra biləcək. Əks halda, Milan prokurorluğu şirkətlərə qarşı tədbir görmək hüququnu saxlayır.

