Meymun çiçəyi virusunun yeni növü aşkarlanıb


Alimlər İngiltərədə yeni bir mpox (meymun çiçəyi) variantının aşkarlandığını açıqlayıblar. Meymun çiçəyi kimi tanınan mpox virusunun yeni növü Asiyaya yaxın zamanda səfər etmiş bir şəxsdə müəyyən edilib.

İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirir ki, bu yeni variant digər mpox növlərindən genetik material daşıyan “rekombinant” virusdur. Mütəxəssislər qeyd edirlər ki, bu hadisə virusun qlobal miqyasda dövran etdiyini və davamlı olaraq yeniləndiyini göstərir.

Yeni variantın simptomları açıqlanıb

Mpox yaxın təmas yolu ilə yoluxur. Xəstəlik həm cinsi əlaqə, həm də öskürək və asqırma zamanı yayıla bilir. Mütəxəssislərə görə, xəstəlik qripə bənzər simptomlarla başlayır: titrəmə, halsızlıq, əzələ və bel ağrıları. Daha sonra dəri üzərində su toplanması, ləkələr və ya xoralar şəklində səpgilər görünə bilər.

Milli Sağlamlıq Sistemi (NHS) bildirir ki, mpox-un simptomları arasında hərarət, baş ağrısı, bel ağrısı, əzələ ağrıları və bədənin istənilən yerində qabarcıqlı səpgilər yer alır. Səpgilər adətən hərarət və digər qripə bənzər simptomlardan 1–5 gün sonra ortaya çıxır.

Peyvənd çağırışı

UKHSA-da işləyən Dr. Keyti Sinka genetik testlər sayəsində bu yeni mpox növünün aşkarlandığını və virusların zamanla dəyişməsinin təbii olduğunu bildirib.

Sinka qeyd edib ki, mpox bir çox insanlarda yüngül keçir, lakin bəzi hallarda ağır xəstəliyə səbəb ola bilər. O bildirib ki, peyvənd olunmaq ağır xəstəliyə qarşı effektiv qorunma üsuludur.

NHS bildirib ki, mpox peyvəndi xüsusilə cinsi əlaqədə olduğu bir neçə partnyoru olan kişilər kimi yüksək risk qrupuna təqdim olunur.

Mpox-un iki əsas genetik qrupu var

Mövcud mpox virusu iki əsas genetik qrupa ayrılır. Clade I kimi tanınan növ daha ağır keçir və Orta və Şərqi Afrikada çoxsaylı ölümlərlə nəticələnən epidemiyalara səbəb olub.

Clade II isə 2022-ci ildə ABŞ-da müşahidə olunan epidemiyadan məsul tutulur və ölüm nisbəti nisbətən aşağıdır.

İngiltərədə aşkar olunan yeni mpox variantında Clade Ib və Clade IIb növlərinə aid genetik xüsusiyyətlərin birləşdiyi açıqlanıb.

Mütəxəssislər qlobal yayılma riskinə diqqət çəkir

Oxford Universitetindən Prof. Trudie Lang bildirib ki, İngiltərədə mpox yoluxmasının baş verməsi narahatedicidir və yeni rekombinant variantın ortaya çıxması bu narahatlığı daha da artırır. Lang əlavə edib ki, Clade Ib variantı ortaya çıxdıqdan sonra virusun yoluxma yollarında dəyişiklik müşahidə olunub və insanlardan insanlara daha asan keçə bilir.

ABŞ-ın Emory Universitetindən Dr. Boghuma Titanji isə bu yeni variantın ortaya çıxmasının virusun qlobal miqyasda nəzarət altına alınmasa narahatlıq doğuracaq bir vəziyyət olduğunu vurğulayıb. Titanji bildirib ki, virusun yoluxuculuğu və xəstəlik törətmə qabiliyyəti diqqətlə izlənməlidir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu