Prezident İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti


Müasir Azərbaycan dövlətinin uğurlu inkişaf yolu güclü siyasi liderlik, düşünülmüş dövlət strategiyası və xalq–iqtidar birliyinə əsaslanan idarəetmə fəlsəfəsi ilə səciyyələnir.

Bu modelin mərkəzində Prezident İlham Heydər oğlu Əliyevin formalaşdırdığı müasir dövlətçilik konsepsiyası dayanır. Dövlət başçısının ifadə etdiyi kimi, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.” Bu prinsip Prezident İlham Əliyevin həyata keçirdiyi bütün islahatların və qərarların ideoloji əsasını təşkil edir.

Prezident İlham Əliyevin formalaşması ilk növbədə möhkəm təhsil bazasına söykənir. 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Əliyev orta təhsilini Bakı şəhərində 6 saylı məktəbdə almış, daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsil almışdır.

Elmi fəaliyyətini həmin institutun aspiranturasında davam etdirmiş, 1985-ci ildə tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Fundamental təhsil və elmi təfəkkür Prezident İlham Əliyevin gələcək siyasi fəaliyyətində rasional yanaşma, analitik düşüncə və strateji qərarvermə mədəniyyətinin əsasını qoymuşdur.

Cənab İlham Əliyevin peşə fəaliyyəti ardıcıl inkişaf xətti üzrə formalaşmışdır. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi çalışması, 1990-cı illərin əvvəllərində biznes sahəsində əldə etdiyi təcrübə, daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətində vitse-prezident və birinci vitse-prezident vəzifələrində fəaliyyəti onun dövlət idarəçiliyi sahəsində dərin bilik və bacarıqlar qazanmasına imkan yaratmışdır.

Milli Məclisin üzvü kimi fəaliyyəti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi idman diplomatiyasına verdiyi töhfələr və Yeni Azərbaycan Partiyasında yüksələn siyasi fəaliyyəti onun liderlik keyfiyyətlərini daha da möhkəmləndirmişdir.

Ölkə başçımız beynəlxalq müstəvidə də Azərbaycanın milli maraqlarını qətiyyətlə və prinsipial şəkildə müdafiə etmişdir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, daha sonra AŞPA sədrinin müavini kimi fəaliyyəti ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə vermişdir.

Azərbaycan xalqının Prezident İlham Əliyevə göstərdiyi davamlı etimad onun siyasi kursunun legitimliyinin əsas göstəricisidir. 2003-cü ildən başlayaraq keçirilmiş bütün prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsi xalqın sabitliyə və inkişaf strategiyasına verdiyi dəstəyin ifadəsidir.

Xüsusilə 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri tarixə Zəfər seçkisi kimi düşmüşdür. İlk dəfə olaraq seçkilər ölkənin bütün ərazilərində, o cümlədən Xankəndi şəhərində keçirilmişdir.

2024-cü il seçkilərində Prezident İlham Əliyevin irəli sürdüyü seçki platforması və strateji hədəflər müasir Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən etmişdir.

Vətəndaş rifahının yaxşılaşdırılması, yüksək texnologiyalara əsaslanan iqtisadiyyat, Böyük Qayıdış, milli təhlükəsizlik, müasir ordu quruculuğu, innovativ təhsil və səhiyyə bu siyasətin əsas prioritetlərini təşkil edir.

Beynəlxalq səviyyədə Prezident İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilmiş, o, çoxsaylı ordenlər, ali dövlət mükafatları və fəxri elmi adlarla təltif olunmuşdur.

Bu təltiflər eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji əhəmiyyətinin göstəricisidir.

Gənclərin hərtərəfli inkişafı Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Müasir, milli köklərə bağlı vətənpərvər gəncliyin formalaşdırılması dövlətin gələcəyinin təminatı kimi qiymətləndirilir.

Yeni Azərbaycan Partiyasının sədri kimi İlham Əliyev demokratik ənənələrin möhkəmlənməsinə və siyasi dialoqun dərinləşməsinə şərait yaratmışdır.

Mövcud qlobal və regional çağırışlar fonunda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunu ardıcıl və məqsədyönlü şəkildə davam etdirir.

Qazanılmış siyasi və hərbi uğurlar ölkənin milli gücünü və suverenliyini daha da möhkəmləndirmişdir.

Bu kontekstdə aparılan dövlət siyasəti uzunmüddətli strateji inkişaf perspektivlərinin təmin olunmasına xidmət edir.

Hüseynova Samirə Adəm qızı






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu