İranda etirazlarda ölənlərin sayı 38-ə yüksəldi
İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 38-ə yüksəldiyini açıqlayıb.
ABŞ-mərkəzli HRANA-nın internet saytında yayımlanan hesabatda ölkədə 11 gündür davam edən etirazlarla bağlı məlumat verilib.
Hesabata görə, bu müddət ərzində ölkənin 31 vilayətində baş verən etirazlarda 34 etirazçı və təhlükəsizlik qüvvələrinə aid 4 nəfər həyatını itirib.
Ölkə üzrə 348 müxtəlif məkanda baş verən etirazlarda onlarla insan yaralanıb, 2217 nəfər isə həbs edilib.
Yaralanmaların böyük əksəriyyətinin saçma və plastik mərmi nəticəsində baş verdiyi bildirilib.
İran rəsmilərindən etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verilməyib.
HRANA dünən 10-cu günlə bağlı hesabatında ölənlərin sayının 36, həbs olunanların sayının isə 2076 nəfər olduğunu açıqlamışdı.


