ABŞ çay və su yollarına 804 km baryer quracaq
ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem bildirib ki, qanunsuz keçidlərin qarşısını almaq məqsədilə çay və digər su yollarına 804 kilometrdən çox baryer yerləşdiriləcək.
Noem Meksika sərhədinə yaxın Braunsvil şəhərində verdiyi açıqlamada deyib ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ilə Gömrük və Sərhəd Mühafizəsi su baryerləri şəklində 804 kilometrdən çox sərhəd baryeri quraşdıracaq.
209 kilometrdən çox baryerin artıq yerləşdirilməyə hazır olduğunu bildirən Noem əlavə edib ki, bu baryerlər 152 santimetr diametrində və 4,5 metr uzunluğunda su üzərində dayanan kauçuk balonlardan ibarət olacaq.
Noem qeyd edib ki, bu baryerlər qanunsuz miqrantların, narkotik və insan qaçaqçıların çay və digər su yollarını keçməsini xeyli çətinləşdirəcək.


