İraq Suriyadakı həbsxanalardan 2200-dən çox İŞİD tərəfdarını qəbul edib


İraq hakimiyyəti hazırda Suriyadakı xüsusi düşərgələrdən və həbsxanalardan köçürülən 2250-dən çox keçmiş İŞİD döyüşçüsü və tərəfdarını öz ərazisində yerləşdirib.

AFN.az xəbər verir ki, bu rəqəmləri İraq təhlükəsizlik xidmətinin mətbuat mərkəzinin rəhbəri, general-leytenant Səad Maan açıqlayıb.

Generalın sözlərinə görə, terrorçuların daşınması beynəlxalq koalisiya ilə koordinasiyalı şəkildə həm hava, həm də quru yolu ilə həyata keçirilib. O vurğulayıb ki, İraq hökuməti bu sayda keçmiş döyüşçünün yerləşdirilməsi və hüquqi prosedurların idarə olunmasına tam hazırdır. Bu addım terror təhlükəsinin təkcə İraqda deyil, bütün dünyada yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Hazırda xüsusi qruplar gətirilən şəxslərin təhlükə dərəcəsini və qruplaşmadakı fəaliyyətlərini müəyyən etmək üçün ilkin araşdırmalara başlayıb, onların etirafedici ifadələri qeydə alınır. İraq tərəfi cinayətlərdə əli olan hər kəsi ölkə məhkəmələrində mühakimə etmək niyyətindədir. Eyni zamanda, İraq Xarici İşlər Nazirliyi xarici vətəndaşlığı olan terrorçuların öz ölkələrinə təhvil verilməsi məsələsi ilə bağlı müvafiq dövlətlərlə təmasdadır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Suriyadan İraqa köçürüləcək döyüşçülərin ümumi sayı 7 min nəfərə çata bilər. Bu proses Suriyanın şimal-şərqindəki qeyri-sabitlik fonunda məbusların həbsxanalardan qaçış riskini minimuma endirmək üçün həyata keçirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu