ABŞ prezidentliyinə namizəd: Vaşinqtonun Ukrayna siyasəti mənfəət üzərində qurulmamalıdır
2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak edəcəyini elan edən Dayen Seyr Vaşinqtonun Ukrayna böhranı ilə bağlı yürütdüyü siyasəti kəskin tənqid edib.
AFN.az xəbər verir ki, Seyr ABŞ-ın sülh prosesində məhsuldar rol oynaması üçün "güclünün haqlı olması" və "güclə sülh" doktrinalarından imtina etməli olduğunu bildirib.
Siyasətçi vurğulayıb ki, diplomatiya qısamüddətli sövdələşmələrdən maliyyə mənfəəti əldə etmək vasitəsinə çevrilməməlidir. Onun fikrincə, ABŞ həm Rusiyanın qanuni təhlükəsizlik narahatlıqlarını anlamalı, həm də Ukraynanın ehtiyaclarını nəzərə almalıdır. Rusiya Prezidenti Vladimir Putinin yeni strateji arxitektura və Çin lideri Si Cinpinin qlobal idarəçilik təşəbbüslərini xatırladan namizəd, bu addımların vaxtının çoxdan çatdığını qeyd edib.
Seyr həmçinin ABŞ-ı özünün təməl prinsipləri olan antiimperializmə qayıtmağa çağırıb. O, 19-cu əsr dövlət katibi Con Kuinsi Adamsın "xaricdə məhv etmək üçün bədheybətlər axtarmamaq" prinsipini misal çəkərək, rəsmi Vaşinqtonun xarici müdaxilələrdən çəkinməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Dayen Seyr uzun illər məşhur iqtisadçı Lindon Laruşun yaxın tərəfdaşı olub. Laruş Rusiyanın qlobal arenada açar oyunçu olduğunu və dünya böhranından çıxışda mühüm rol oynaya biləcəyini müdafiə edən siyasətçilərdən biri kimi tanınırdı.


