İlon Mask: Ayda ilk şəhər növbəti 10 il ərzində salına bilər


"SpaceX" şirkətinin qurucusu İlon Mask yaxın 10 ildən az müddətdə Ayda ilk yaşayış məskəninin peyda ola biləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, Mask bu hədəfi şirkət üçün hazırda ən mühüm prioritet adlandırıb. O, özünün "X" hesabında qeyd edib ki, "SpaceX" diqqətini Ayda özünü təmin edən şəhər salınmasına yönəldib, çünki bu məqsədə 10 ildən az müddətdə çatmaq mümkündür. Müqayisə üçün o bildirib ki, Marsda bənzər bir layihənin reallaşması 20 ildən çox vaxt tələb edə bilər.

Mask bu fərqi texniki və loqistik amillərlə izah edərək bildirib ki, Marsa uçuş üçün fürsət hər 26 aydan bir yaranır və səyahət təxminən altı ay çəkir. Ay üçün isə uçuş pəncərəsi hər 10 gündən bir açılır və səfər müddəti cəmi 2 gündür. Buna baxmayaraq, Mask Mars ambisiyalarından tam imtina etməyib və təxminən 5-7 il sonra Qırmızı planetdə də şəhər salınması işlərinə başlayacaqlarını əlavə edib. "The Wall Street Journal"ın məlumatına görə, "SpaceX" artıq 2027-ci ilin martında "Starship" gəmisinin Aya ilk pilotsuz enişini həyata keçirməyi planlaşdırır.

Hazırda şirkət NASA ilə birlikdə "Artemis" proqramı üzərində sıx əməkdaşlıq edir. Bu proqramın ikinci mərhələsi çərçivəsində astronavtların Ay ətrafında uçuşu 2026-cı ilin martına planlaşdırılır. Üçüncü mərhələdə isə astronavtların birbaşa Ay səthinə enişi nəzərdə tutulur. ABŞ rəsmiləri bu tarixi enişin yaxın 3,5 il ərzində baş tuta biləcəyini ehtimal edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu