Naxçıvan Muxtar Respublikası 102 yaşını qeyd edir


Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaradılmasından 102 il ötür. 1924-cü il fevralın 9-da elan edilmiş muxtariyyət statusu ötən bir əsr ərzində regionun taleyində həlledici rol oynayıb. Coğrafi mövqe və sərhəd xüsusiyyətləri ilə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

Şimal və şərqdə Ermənistan (246 km), qərbdə Türkiyə (15 km), cənubda isə İran (204 km) ilə həmsərhəd olan region, mürəkkəb geosiyasi məkanda yerləşir. Ermənistanla təbii sərhəd xəttini Zəngəzur və Dərələyəz silsilələri, Türkiyə və İranla sərhədi isə Araz çayı təşkil edir. Ərazinin ən hündür nöqtəsi Qapıcıq dağı (3904 m), ən alçaq nöqtəsi isə Araz çayının dərəsi (400 m) olmaqla, orta hündürlük 1400 metrdir. Relyefin 75%-nin dəniz səviyyəsindən 1000 metrdən yüksəkdə yerləşməsi və ətrafın uca dağlarla əhatələnməsi burada sərt-kontinental iqlimin formalaşmasına səbəb olub.

Muxtar respublikanın inzibati bölgüsü yarandığı gündən etibarən bir neçə mərhələli inkişaf yolu keçib. 1924-cü ildə 3 qəza və 12 dairə ilə fəaliyyətə başlayan struktur, 1930-cu illərdə rayonlaşma sisteminə keçib. 1948-ci ildə Əbrəqunus rayonunun ləğvindən sonra beş rayon (Babək, Şərur, Şahbuz, Culfa və Ordubad) yaranıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regionun sosial-iqtisadi və təhlükəsizlik ehtiyacları nəzərə alınaraq inzibati islahatlar davam etdirilib. 1990-cı ildə Sədərək, 2004-cü ildə isə Kəngərli rayonu təsis edilib. Hazırda muxtar respublika 7 rayon və Naxçıvan şəhərindən ibarətdir. Cəmi 219 yaşayış məntəqəsini (6 şəhər, 7 qəsəbə, 206 kənd) əhatə edir.

Naxçıvanın tarixi əraziləri ötən əsrin əvvəllərində totalitar inzibati-amirlik sisteminin qurbanı olub. 1929-cu il fevralın 18-də Zaqafqaziya MİK-in qərarı ilə 1921-ci il Moskva və Qars müqavilələrinin şərtləri kobudcasına pozulub. Bu qərarla Şərur dairəsinin, Şahbuz nahiyəsinin və Ordubad dairəsinin bir sıra kəndləri (ümumilikdə 9 kənd və Kilit kəndinin bir hissəsi) Ermənistan SSR-yə verilib. Müqaviləni imzalayan tərəflərin iştirakı olmadan həyata keçirilən bu addım beynəlxalq hüquq normalarına tamamilə zidd idi.

Naxçıvan Muxtar Respublikasının hüquqi statusu 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunub. Ali Qanuna əsasən, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar dövlətdir. 5,5 min km² ərazisi olan bu qədim diyar günümüzdə ölkənin strateji qalası və mühüm iqtisadi-mədəni mərkəzi statusunu qorumaqdadır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu