Ukraynalı idmançı müharibədə ölənləri belə yad etdi
Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında iştirak edən ukraynalı skeletonçu Vladislav Heraskeviç ilk məşq sessiyasında hər kəsin diqqətini çəkən addım atıb. 27 yaşlı idmançı yarış meydanına ölkəsindəki müharibədə həyatını itirən idmançıların fotoları əks olunmuş xüsusi kaskla çıxıb.
"Dünya Ukraynanın azadlığının real qiymətini bilməlidir"
Heraskeviç "X" platformasındakı hesabından etdiyi paylaşımda kaskın üzərindəki şəkillərin müharibədə həlak olmuş gənc idmançılara məxsus olduğunu bildirib. O, bu addımla onlara və ailələrinə ehtiramını bildirdiyini vurğulayıb:
"Bu kaskın üzərində həyatını itirən idmançıların yalnız kiçik bir qisminin şəkilləri yer alır. Onlar bu qədər gənc yaşda aramızdan ayrılmamalı idilər. Bu, ədalətsiz bir vəziyyətdir. Məqsədim onlara olan hörmətimi göstərmək və dünyaya Ukraynanın azadlıq üçün ödədiyi qiyməti xatırlatmaqdır".
BOK məsələyə müdaxilə edib
İdmançı həmçinin qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) kaskın üzərindəki fotolarla bağlı artıq Ukrayna Olimpiya Komitəsi ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Olimpiya Oyunlarında siyasi və ya bu qəbildən olan mesajların verilməsi ilə bağlı BOK-un sərt qaydaları mövcuddur.



