ABŞ-da vətəndaşlıqların ləğvi sürətlənir: Ayda 200 yeni iddia
Tramp administrasiyasının ABŞ-dan kənarda doğulmuş bəzi vətəndaşların vətəndaşlıq hüquqlarını geri almaq üçün aylıq 200 iş hədəfi ilə hərəkətə keçdiyi açıqlanıb. "NBC News" tərəfindən paylaşılan hesabata görə, 2026-cı ildən etibarən İmmiqrasiya İddiaları Ofisinə hər ay 100-200 arası vətəndaşlıqdan çıxarma işinin təqdim edilməsi üçün fəaliyyətlərə başlanılıb.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) mütəxəssislərinin ölkə daxilindəki ofislərə baş çəkərək mövcud sənədləri araşdırmaya başladığı və personalı bu istiqamətdə təlimatlandırdığı bildirilir. Amerika Birləşmiş Ştatları tarixində kiminsə vətəndaşlığını ləğv etmək olduqca nadir görünən bir haldır. "Brennan Ədalət Mərkəzi"nin məlumatlarına görə, 1990-2017-ci illər arasında ildə orta hesabla cəmi 11 belə hal qeydə alınmışdı.
Sıfır tolerantlıq siyasəti
İmmiqrasiya idarəsinin sözçüsü Metyu Traqesser izah edib ki, administrasiya xüsusilə vətəndaşlıq müraciəti prosesində fırıldaqçılıq və ya yanlış bəyanat verildiyinə dair etibarlı sübutlar olan hallara fokuslanıb. Traqesser "Vətəndaşlıq prosesindəki qanunsuzluqlara qarşı sıfır tolerantlıq siyasəti yürüdürük. Yalan bəyanat verən hər kəsin məsuliyyətə cəlb olunmasını təmin edəcəyik", - deyə bildirib.
2024-cü ilin məlumatına görə, ABŞ-da sonradan vətəndaşlığa qəbul edilmiş (doğuşdan vətəndaş olmayan) təxminən 26 milyon şəxs yaşayır. Ədliyyə Nazirliyi tərəfindən 2025-ci ilin iyununda yayımlanan sənəddə Prezident Donald Tramp və Ədliyyə naziri Pem Bondinin qanunların icazə verdiyi və sübutların dəstəklədiyi bütün hallarda vətəndaşlıqdan çıxarma proseslərinə üstünlük verilməsi barədə göstəriş verdiyi görünür.
Hədəfdəki qruplar və narahatlıqlar
Administrasiya xüsusilə milli təhlükəsizliyə təhdid yaratdığı hesab edilən və ya vətəndaşlıq alarkən ciddi səhvlərə yol verdiyi iddia edilən şəxsləri hədəf alır. Lakin immiqrant hüquqları müdafiəçiləri və vəkillər bu genişmiqyaslı göstərişlərin sui-istifadəyə açıq olduğunu və çox sayda günahsız vətəndaşın hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər.
Bu addım Trampın ABŞ tarixindəki ən böyük deportasiya proqramı kimi xarakterizə etdiyi strategiyanın bir hissəsi hesab olunur. Konqres tərəfindən təsdiqlənən 170 milyard dollarlıq büdcə ilə dəstəklənən bu siyasətlər şəhər reydləri, məhkəmə zallarındakı həbslər və vətəndaşlıq yoxlamaları kimi geniş bir spektri əhatə edir.

