Bill Geyts Hindistandakı sammitdə çıxışını ləğv etdi



ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn ilə əlaqələri müzakirə mövzusu olan "Microsoft"un həmtəsisçisi və keçmiş baş icraçı direktoru (CEO) Bill Geyts Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən süni intellekt sammitindəki çıxışını ləğv edib.

"CNN"in məlumatına görə, Geyts Fondu tərəfindən verilən bəyanatda Bill Geytsin "Hindistan Süni İntellekt Təsir Sammiti"ndəki açılış nitqinin ləğv edildiyi bildirilib.

Bəyanatda "Ciddi qiymətləndirmədən sonra, süni intellekt sammitinin əsas prioritetlərinə diqqət yetirilməsini təmin etmək məqsədilə Geyts açılış nitqi ilə çıxış etməyəcək" ifadəsi işlənilsə də, çıxışın ləğv edilməsinə dair konkret səbəb göstərilməyib.

Qeyd edək ki, Bill Geytsin adı ABŞ Ədliyyə Nazirliyinin Epşteynlə bağlı dərc etdiyi istintaq sənədlərində bir neçə dəfə çəkilib. Sənədlərdə yer alan 2011-ci ilin fevral ayına aid bir yazışma da Epşteynin "Microsoft"un qurucusu ilə əlaqələrinə dair sualları artırıb.

Sənədlərə görə, şəxsiyyəti gizli saxlanılan bir göndərici Epşteynə ünvanladığı e-poçtda "Bill Geytsə verdiyin 'Kasıb insanlardan tamamilə necə qurtulmaq olar?' sualı üzərində çox düşündüm" – deyə yazıb. Göndəricinin bu mövzunu telefonla müzakirə etmək istəyinə Epşteyn "Hər zaman zəng edə bilərsən" cavabını verib.

Geyts mövzu ilə bağlı verdiyi açıqlamada Epşteyn ilə vaxt keçirməsini axmaqlıq kimi qiymətləndirmiş və onu tanıdığı üçün peşman olduğunu bildirmişdi. Lakin sənədlərdəki bəzi e-poçtlarda Geytsin şəxsi həyatı və Melindа Geytsdən gizlətdiyi iddia edilən bəzi məqamlarla bağlı skandal iddialar da yer alıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu