NASA-nın Ay raketi üçün kritik yanacaq sınağı



NASA təhlükəli sızmalar səbəbindən dayandırılan və yarım əsrdən sonra reallaşacaq ilk heyətli Ay səyahətini gecikdirən nəhəng raket üçün yanacaqdoldurma sınağına cümə axşamı yenidən başlayıb.

AFN.az-ın məlumatına görə, start qrupları bu ay ikinci dəfə olaraq uçuş meydançasındakı raketə 2,6 milyon litrdən çox ultra-soyuq yanacaq doldurublar. İki gün davam edəcək təlimin ən kritik mərhələsi olan bu prosedur zamanı hələlik hər hansı ciddi sızma qeydə alınmayıb. Bu sınağın nəticəsi dörd astronavtın yer alacağı "Artemis II" missiyasının mart ayında baş tutub-tutmayacağını müəyyən edəcək.

İki həftə əvvəlki yoxlama zamanı 98 metrlik Kosmik Start Sistemi (SLS) raketi ilə platforma arasındakı bağlantılardan təhlükəli miqdarda maye hidrogen sızmışdı. Mühəndislər Kennedi Kosmik Mərkəzindəki sınağı tamamlamaq üçün bir cüt kipləşdirici qat və tıxanmış filtri dəyişiblər. NASA yanacaqdoldurma nümayişi uğurla başa çatana qədər dəqiq uçuş tarixini açıqlamayacaq.

ABŞ və Kanadadan olan üç astronavt prosesi izləmək üçün komandaya qoşulub. Sınaq uğurlu olarsa, astronavtlar ən tez martın 6-da yola düşə biləcəklər. Bu, 1972-ci ildəki "Apollon 17" missiyasından bəri Aya edilən ilk insanlı səyahət olacaq və heyət eniş etmədən 10 günlük gediş-dönüş uçuşu həyata keçirəcək.

NASA-nın yeni rəhbəri Cared Ayzekman bildirib ki, SLS mühərriklərindəki hidrogen sızması problemləri hələ "Space Shuttle" dövründən qalma mirasdır. Vəzifəsinin icrasına iki ay əvvəl başlayan Ayzekman "Artemis III" missiyasından əvvəl yanacaq bağlantılarının yenidən dizayn ediləcəyinə söz verib. O, astronavtların təhlükəsizliyinin mütləq prioritet olduğunu və tam hazır olmadan uçuşun baş tutmayacağını vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu